Tarana Seid - Rəssam
Təranə Seidin yaradıcılığına daxil olan rəngkarlıq əsərləri müəllifin özəl, asanlıqla tanınan imzasını özündə cəmləşdirir. Rəssamın əsərləri zəngin və dolğun tonları və cəlbedici süjetləri ilə ötən əsrin ustad rəssamların kətanlarını doğmalaşdırır və sözün əsl mənasında, kətana büsbütün hopmuş qızılı qatları bu çalarlara qarşı coşqun meylləri ilə mükəmməl ahəngdarlıq təşkil edir. Təranə Seidin sevdiyi bir sıra rəssamlar arasında, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə və başqa Azərbaycan rəssamların xüsusi yer tutduğunu özünü biruzə edir.
Rəssamın ən sevimli janrlarından biri də natürmortdur. Rəssamın barlı bağçaların meyvələri, zəmilərin gözəlliyinə olan heyranlığı digər janrlara da nüfuz edir; burada insan, sanki özü ilə təbiətin möhtəşəm cah-calalını yalnız tamamlayır, mənzərəli görüntülər isə sadəcə onun mövsümi dəyişikliklərini ifadə etmək üçün bir səbəbdir.
Nar, qızılgül, tarla güllərini təsvir edən çoxsaylı kətanlarda qırmızı rəngin bütün çalarları şölələnib yanır. Qızılı günəş ləkələri dərin suda, balıqların pulcuqlarında, ekzotik quşların lələklərində oynayır... Epizodik soyuq tonlar isə həyatın bu təntənəsini yalnız vurğulayır: açıq sarı, demək olar ki, dümağ qızılgül ləçəkləri, şəffaf vaza şüşəsində iti işıq ləkələri, farfor üzərində rəngdən-rəngə çalan mavi naxışlar...
Təranə Seid bilavasitə rəsm üzərindən ornamentləri aydın şəkildə əks etdirir ki, bu da bir neçə əsərin özəl xüsusiyyətini vurğulayır. Belə ki, duman-çaydan natürmortunda, bu ornament, məşhur “buta” elementinin çoxsaylı müxtəlifliyini əks etdirir və ilk baxışdan, o, sadəcə pərdə üzərində gerçək naxış kimi görünsə də, ona yaxından nəzər salanda, sanki havadan asılmış, şəffaf və incə ipək kimi əsərin bütün səthini örtür... Geniş, çoxpilləli çərçivədə “müəmmalı” kətanı, ya da güzgünü təsvir edən digər əsər də yüngül, yarımşəffaf parçanı imitasiya edən “buta” qıvrımlarını hər tərəfə yayır... Elə hey istəyirsən ki, bu parçanı qaldırıb, çərçivənin hansı müəmmanı gizlətdiyini öz gözlərinlə görəsən...
Təranə Seyidin peyzajlarının əksəriyyəti dəniz mənzərələrini əks etdirir. Bu isə təəccüblü deyil, çünki bütün bunlar Bakının mənzərələridir. Burada dənizin mavi rəngi, səmanın rəngi ilə birləşir... Onları bir-birindən yalnız qumlu sahilinin sarımtıl zolağı, Bakı xalçaçılıq qrupunun yaratdığı xalçaların ciddi koloritini xatırladan element ayırır. Gecə peyzajı isə daha dərin təəssürat bəxş edir. Burada, torpaq və su üzərindəki liman tikililərinin qızılı işıqları, adda-budda yük kranların ucalan qolları, sarı ayın dəyirmiliyi ilə həmahəng səslənir... Burada nəsə “sürrealistik” bir məna var. Müəllifin sənaye mənzərələri, “insanlar və maşınlar” mövzusunda düşüncələri də az deyil. Təranənin nəqliyyat vasitələrini, vintaj avtomobil və motosikletləri əks etdirən rəsm əsərləri də var.
Təranə Seid BDU-nun hüquq fakültəsini (2002-ci ildə) bitirsə də, özünü hüquqşünaslığa həsr edə bilmir: uşaqlıqdan təsviri incəsənətə olan sevgisi və marağı onu özünə cəlb edir...
Təranənin rəssam olmaq arzusu o qədər güclü olur ki, BDU-nu bitirəndən sonra, o, yenidən tələbə olmaq qərarına gəlir. Əgər bir adamın qismətinə hansısa nailiyyət yazılıbsa, şübhəsiz ki, bu mütləq baş verəcək – neçə il keçirsə keçsin! Düz 10 ildən sonra, 2014-cü ildə, Təranə Seid, bir daha Rəssamlıq Akademiyasına qədəm qoyur: bu dəfə o, arzusunda olduğu sevimli fakültəsinə qəbul olur. 4 ildən sonra, rəssam diplomunu alan Təranə şəxsi yaradıcılıq ilə məşğul olmağa başlayır və müxtəlif qrup sərgilərində iştirak etməklə, incəsənət dünyasına axıb qarışır. Zaman ötdü və artıq bu gün, Təranə Seyid, ilk dəfə öz fərdi vernisajı çərçivəsində əsərlərini ictimaiyyətin diqqətinə təqdim etməyə tam olaraq hazırdır.
Bütün bunlara yekun vuraraq, tam əminliklə demək olar ki, Təranə Seid, öz idealına aparan yolda çox böyük addımlar atıb və təbii ki, bu yol, hər rəssamda özəl və fərqli olur. Növbəti illər, rəssamın yaradıcılığında nəyin süzgəcdən keçərək həmişəlik qalacağını, nəyinsə yeni mövzularla və yeni maraqlarla əvəzlənərək, keçmişdə qalacağını müəyyən edəcək. İstənilən halda, rəssam xanımın başladığı və davam etdirdiyi bu fəaliyyətin bünövrəsi qoyulub və onun əhəmiyyətini yüksək qiymətləndirmək olar. Bizdən isə sadəcə, bu zəhmətsevər xanıma yeni-yeni uğurlar və müvəffəqiyyətlər diləmək qalır.
Nailə Bənnayeva, sənətşünas, jurnalist
Təhsil
1998 - 2002
Bakı Dövlət Universiteti, Hüquq fakültəsi
2014 - 2018
Azərbaycan Rəssamlıq Akademiyası, Rəssamlıq fakültəsi