Rəngkar Təranə Seyidin yaradıcılığının estetikası haqqında
Təsviri sənət məkanında bədii “izm”lərin çoxluğu bir tərəfdən həyatını yaradıcılığa həsr etmiş insanlar üçün zəngin təkanverici mənəvi gücdürsə, digər tərəfdən bu çoxluğu “unudub” öz sənət “mən”ini soraqlamaq elə də asan məsələ deyil. Elə zamanında həmyerlisi Bəhruz bəy Kəngərlinin şöhrətinin şirinliyinə şəriklik qoşmaq istəyində olan Təranə Seyidin rənglər dünyasına meyil göstərməsinin də qarşısında çoxsaylı məşhurların adı və sənəti səddə çevrilmişdi. Başqa sözlə desək, çox rəqabətli və güzəştsiz sənət məkanında öz imzasını tanıda biləcəyinə onda müəyyən şübhələr yaranmışdı. Son məqamda “mavi arzusu”ndan vaz keçib, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmasını da bu tərəddüdün göstəricisi saymaq olar. Amma ali təhsildən sonra da ruhunda gəzdirdiyi yaratmaq gücünü başqalarına nümayiş etdirmək istəyi ilə bacara bilmədi. Bu dəfə qətiyyət göstərməyə özündə güc tapdı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi adını qazandı...
2014-2018-ci illərdə burada Xalq rəssamı Cəlil Hüseynov, Əməkdar rəssam Fərman Qulamov və Akif Kazımovdan, eləcə də Ramil Məmmədovdan aldığı sənət dərsləri ona bu nəhayətsiz gözəllik dünyasının görünən və görünməyən tərəflərini, bədii-texniki xüsusiyyətlərini dərk etməyə imkan verdi. Burada təhsilini başa vurandan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecində dərs deyən Təranə xanım elə tələbələrinin də yaradıcılıqda ənənə ilə müasirliyi qovuşduran rəssam kimi yetişməsinə səy göstərməkdədir.
Təranə Seyidin yaradıcılığı cəmi bir neçə ili əhatə etsə də, çəkdiyi rəsmlərdə onun bir qədər sıxıntılı “tələbə palitrası”ndan tam azad olduğunu görmək mümkündür. Elə Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi müxtəlif miqyaslı sərgilərdə uğurlu iştirakı da onun yaradıcılıq axtarışlarından xəbər verir. Qənaətimizcə, bu prosesdə ən önəmlisi rəssam üçün janr məhdudiyyətinin olmamasıdır. Müəllifin ona tanış olan məlum janrların “estetik xəritəsi”ni yaradıcı potensialına müvafiq genişləndirməkdə davam etməsini isə, bir rəssam kimi fərdi dəst-xəttinin formalaşması istiqamətində uğurlu addım hesab etmək olar. Kətan səthinə özünəməxsus texniki münasibət göstərən və daha çox palitra bıçağı (mastixin) vasitəsilə kompozisiyanın bədii tutumda gerçəkləşməsinə çalışan rəssamın inamlı yaxı improvizələri ilə ənənəvi qalınlığa malik olan astarın üzərində yeni bir “çalar qatı” yaratdığını görmək mümkündür. Etiraf edək ki, müəllifin kətana bu cür fərdi və özünəməxsus yanaşması Azərbaycan rəssamlığında az rast gəlinən haldır.
Kətana bu cür yanaşma son nəticədə kompozisiyanı təşkil edən müxtəlif ayrıntı-çalarların həm qabarıq, həm də işartı tutumunda görünməsini şərtləndirir. Rəssam adətən rəng qatının pastoz tutumuna – duyulası qalınlığına nail olan müəllifin məna-məzmun daşıyıcıları olan təsvir elementlərinin fakturasını – duyumsallığını onun bu bədii-texniki prosesə dəyərli töhfəsi hesab etmək mümkündür. Müəllifin “Xurşidbanu Natəvan”, “Nar ağacı”, “I Şah Təhmasib”, “Eşq”, “Yuxu”, “Tək ağac”, “Bakı mənzərəsi”, “Arzularımın gəmisi”, “Göygöl”, “Sahil”, “Balıq”, “Xınalıq”, “Çay dəsgahı”, Tutuquşular”, “Narlar”, “Zənci qız” və s. lövhələrində yuxarıda vurğuladığımız bədii-estetik dəyərləri müşahidə etmək mümkündür.
Azərbaycan təsviri sənətində indiyə qədər Natəvan ünvanlı əsərlər kifayət qədər çox yaradılsa da, Təranə xanım onun portretinə müraciət etməklə, “Xan qızı”nın obrazına yeni çalarlar əlavə etməyə nail olub. Milli naxışlardan tərtib edilmiş haşiyə daxilində təqdim olunmuş Natəvanın portreti nikbin boyalardan “hörülmüş” ümumi kolorit ilə birlikdə çox duyğulandırıcı görünür. Şairənin nurlu çöhrəsinin Şuşanın rəmzinə çevrilmiş xarıbülbüllərlə vəhdətdə, yerli nemətlərlə təmasda görüntüyə gətirilməsi cəlbedici əsərin yaranmasını şərtləndirib...
“Zənci qız” əsərində isə afrikalı gözəli milli geyimdə görüntüyə gətirən rəssam ilk növbədə obrazın çöhrəsindəki qara rəngin “işığı”nı göstərməyə çalışıb. Qənaətimizcə, müəllif Azərbaycan rəssamlığında mövcud olan (Əşrəf Murad və Qəyyur Yunusun əsərləri) qara rəngin estetikasına özünəməxsus münasibətlərə bir qədər də fərqli töhfə verməklə portretin duyğulandırıcılığını əldə etməyə nail olub.
Rəssam “Çay dəsgahı” tablosunun kompozisiya tərtibində milli naxışlardan geniş istifadə edib. Onun butalı parça fonunda görüntüyə gətirdiyi mis samovarı əhatələyən və çay süfrəsinə zənginlik bəxş edən digər atributlar nə qədər çox olsa da, geniş yaxılarla əldə olunan bədii bütövlüyün sayəsində nikbin koloritli kompozisiya kifayət qədər gözoxşayandır.
“Tək ağac” tablosunun da kompozisiya həlli diqqətçəkəndir. Azman ağacın ətraf mühitdən təcrid olunması məqsədli olub, bilavasitə, payız libasına bələnmiş varlığın möhtəşəmliyini başqalarına da sərgiləmək niyyəti daşıyır. İfadəli konfiqurasiyası ilə gözoxşayan palıdın günəş şüaları altında rəngdən-rəngə düşməsində məkana rəngkar-rəssam baxışının mövcudluğunun mühüm rol oynadığı birmənalıdır. Ümumi səthdən “boylanan” rəng zərrəciklərinin “işığa” çevrilməsindəndir ki, ağacın aşağısından zirvəsinə kimi davam edən yaxı “oyunu” tablonun dominantı kimi qəbul olunur.
Rəssamın Bayıl qəsəbəsindəki emalatxanasının paytaxtımızı günün müxtəlif vaxtlarında müşahidə etməyə imkan verməsi vaxtaşırı onun Bakı ünvanlı əsərlər yaratmasına vəsilə olub. “Bakı gecəsi”, “Sahil”, “Bakı limanı” və s. əsərlərdə “küləklər şəhəri”nin bir-birindən fərqli ovqat daşıyıcılığına malik görüntüsünü görmək mümkündür. “İşıqlar dənizi”ndə çimən, ay işığı altında “mürgüləyən” liman qurğularına müəllifin bədii yanaşmasında məkanların lirik-romantik tutumda təqdimatı lirik ovqatlıdır.
Təranə Seyidin əksər əsərlərinin motiv seçimini çox vaxt mövzu kasadlığından şikayətlənənlərə nümunə göstərmək də olar. Onun qənaətincə, rəssam gözü ilə ətrafımıza nəzər yetirsək, gerçəklikdə müşahidə etdiyimiz obyekti və yaxud əşyanı ilham qaynağına çevirmək olar. Deyilənlərin təsdiqini onun “Arzularımın gəmisi”, “Balıq”, “Narlar”, “Çilçıraq”, “Güllər”, “Hovuz”, “Köhnə avtomobil”, “Motosiklet” və b. əsərlərin timsalında görmək mümkündür. Çox vaxt gözümüzdə adiləşənlərə duyğulandırıcı münasibət göstərən rəssam, onları həm də mənalandıra bildiyindən, bədii görkəm almış bu əşya və varlıqlar düşündürücü baxılır.
Təranə Seyidin şərh etdiyimiz əsərlərinin dolğunluğu ilə fərqlənən estetikası göstərir ki, realizm çoxlarının düşündüyü kimi məhdud yox, hər bir yaradıcının təxəyyülünün pərvazlandıra biləcək əbədiliyi danılmaz olan bədii prinsipdir. Elə bu sərhədsizliyin nəticəsidir ki, rəssamın haqqında söz açdığımız müxtəlif janrlı rəngkarlıq əsərləri belə yaddaqalandır...
Ziyadxan Əliyev Əməkdar incəsənət xadimi, professor
Comments